Milli komandamız karate-1 Premyer Liqasına yollanıb
Azərbaycan milli komandası Dünya Karate Federasiyasının (WKF) nüfuzlu karate-1 Premyer Liqasına yollanıb. Olimpsport.az saytı xəbər verir ki, 3-4 sentyabrda İstanbulda keçiriləcək yarışda 18 idmançımız iştirak edəcək.
Yığmanın əsas və əvəzedici heyəitndən kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli, Ceyhun Mustafayev, Elvin Əhmədli (hamısı – 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə, Rafiz Həsənov, Şahin Quluzadə, Məhəmməd İsmayılov (67 kq), eləcə də Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov və Orxan Heydərli (+84 kq) yer alıblar.
Qadınlarda İlahə Qasımova, Aytac Əliyeva (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) heyətə daxil ediliblər.
Kata çıxışlarında Roman Heydərov, Ədilə Qurbanova və Neda Rezai, həmçinin fiziki əngəlli idmançılar arasında Ülvi Zeynallı ilə Sahib Əhədov tatamiyə çıxacaqlar.
Türkiyədə WKF-in bu mötəbər Premyer Liqa turnirində 54 ölkədən 483 karateçi iştirak edəcək. Kişilərdə 60 kq, 67 kq və 75 kq, qadınlarda isə 50 kq, 55 kq, və 61 kq çəkilərin, həmçinin kata yarışlarının qalibləri şənbə günü, qalan çəki dərəcələrində mükafatçılar isə ertəsi gün məlum olacaq.