Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər

Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər.

"Olimpsport" xəbər verir ki, Türkiyə yığması sentyabrın 1-də Brüsseldə keçirilən yarımfinal qarşılaşmasında İtaliya yığmasını məğlub edərək tarixində üçüncü dəfə finalda iştirak hüququ qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada qardaş ölkənin qadın voleybolçuları 3:2 hesabı ilə qalib gəliblər.

Finalda Türkiyə millisinin rəqibi Serbiya-Niderland qarşılaşmasının qalibi olacaq. Çempionatın final matçı sentyabrın 3-də Brüsseldə keçiriləcək.

Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Türkiyə seçməsi səkkizdəbir finalda Belçikanı (3:1), dörddəbir finalda isə Polşanı (3:0) hesabı ilə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.