"Azərbaycanda oynamaq çox xoşdur" - Eltac Səfərli
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət əsas komandamız Zimbabve ilə qarşılaşıb. Dördüncü lövhədə yarışan Eltac Səfərli Zimbabve təmsilçisi Emarald Muşoreni məğlub edib.
Olimpsport.az xəbər verir ki, partiyadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən E.Səfərli deyib: “Şahmat Olimpiadasının Bakıda keçirilməsi çox müsbət məqamdır. Doğma şəhərimizdə yarışın yüksək səviyyədə keçirilməsi üçün gözəl şərait var. Bu, iştirak etdiyim sayca dördüncü və ən yaxşı olimpiadadır. Azərbaycanda oynamaq çox xoşdur. Amma asan deyil. Bu olimpiadada bizi çoxlu azarkeş dəstəkləyir. Onların dəstəyi bizə stimul verir. Məqsədim öz lövhəmdə ən yaxşıların sırasına düşməkdir”.
Təcrübəli qrossmeyster olimpiadaya hazırlıq barədə danışarkən bunları söyləyib: “Komandamız olimpiadaya çox ciddi hazırlaşıb. Olimpiadanın əsas hazırlıqlarına 3 ay əvvəl start vermişik. Çox təcrübəli məşqçimiz, kapitanımız var. Reytinqimin yüksək olması əlavə motivasiyadır. İnanıram ki, bu yarışdan sonra reytinqim 2700-ü keçəcək”.
Eltac Səfərli dövlətimizin başçısı İlham Əliyevin şahmatçılara göstərdiyi diqqət və qayğının onların məsuliyyətini artırdığını bildirib. “Prezidentin dəstəyini və qayğısını daim hiss edir, qələbəyə ümid bəsləyirik”, - deyə şahmatçı vurğulayıb.
Karyerası ərzində bütün lövhələrdə oynadığını bildirən E.Səfərli deyib ki, kimin hansı lövhədə oynaması barədə komanda daxilində geniş müzakirə aparılıb. Yekunda qərara gəlinib ki, o, beşinci lövhədə oynasın. Rusiya şahmatçısı Aleksandr Qrişuk da bu lövhədə oynayır. O, çox güclü şahmatçıdır və birinci lövhədə də yarışa bilər.
İlk turda favorit komandaların bəziləri lider şahmatçılarına istirahət versə də, Azərbaycan yığması tam heyətlə mübarizə aparıb. E.Səfərli bunun səbəbini belə izah edib: “Adətən komanda yarışlarında ilk turda bizdə liderlərdən kimsə dincəlir. Bu dəfə qərara gəldik ki, əsas heyətlə oynayaq. Fikrimcə, ilk turda qazandığımız qələbə bizi turnir boyu yaxşı oyun nümayiş etdirməyə sövq edəcək”.