Baş redaktordan
Parisə gedən yol ucqar kəndlərdən başlayır
Paris-2024 bizim üçün uğursuz olimpiadalardan biri ola bilər. Gedişat onu göstərir. Ona görə yox ki, səbəb maddi-texniki bazanın, infrastrukturun zəif olması və yaxud da idmançıların düzgün hazırlanmamasıdır. Əsas səbəb rəqabətin olmamasıdır. Rəqabətin olmaması da kütləviliyin olmamasından irəli gəlir. Kütləviliyin də olmaması düzgün aparılmayan idman siyasətindən irəli gəlir.
Bizim bilmədiyimiz bəlkə də onlarla potensial Olimpiya çempionları ucqar kəndlərdə unudulub. Bu günün istər pis, istərsə də yaxşı nəticəsi təxminən 10 il bundan qabaq aparılan idman siyasətinin nəticəsidir. Çünki, bir idmançının yetişib ərsəyə gəlməsi təxminən 10 il çəkir.
Demirəm ki, idman siyasəti yoxdur. İdman siyasəti əslində var. Dövlət tərəfindən bunun üçün müvafiq addımlar atılır, büdcə ayrılır, Olimpiya kompleksləri tikilir və s. Amma bu siyasəti bəzi cavabdeh şəxslər düzgün aparmır. İdman siyasətinin düzgün aparılmasına cavabdeh şəxslər isə ilk öncə idman funksionerləri, idman direktorları, federasiya rəhbərləridir. Boş jurnalları ölü uşaqlarla doldurmaqla kütləvilik olmur.Bəzi məşqçiləri qınamaq da olmur. Qabaqkı kimi Ənənəvi idman növlərinə axın yoxdur. Bir tərəfdən günü-gündən yaranan həftə becər idman növləri, bir tərəfdən də texnologiyanın inkişaf etdirdiyi zəmanəmizin yumşaq həyat tərzinə alışan uşaqları aktiv həyat tərzinə cəlb etmək problemə çevrilib.
Səbəblərdən biri də budur ki, hazırda həm də dəbdə olan oxumaq da uşaqları asudə vaxtlarından edib. Bunu əslində problem kimi yox, səbəb kimi göstərirəm. Elm yolu doğru yoldur. Amma problem onda olur ki, oxumaq potensialı olmayan uşaqları bəhəsə-bəhəs borc, xərc edib hazırlığa qoyurlar ki, ali məktəbə daxil olsunlar. Amma nəticə ən yaxşı halda xarici ölkələrə attestatla qəbul olunmaq olur.
Ramin Allahverdiyev