Biz hələ güləşi cəmiyyətə meyxana qədər sevdirə bilməmişik
Güləş üzrə Serbiyanın paytaxtı Belqradda Paris-2024 Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatı davam edir. Artıq sərbəst güləş növündə mübarizə başa çatıb. Millimiz bu növdə mundialı iki gümüş medal və bir Olimpiya lisenziyası ilə başa vurub. Amma gözləntilər daha çox idi. Yarışı analiz etmək fikrində deyiləm. Çünki güləşsevərlər yarışı izləyib hər şeyin şahidi olublar. Məsələnin daha dərinliyinə varmaq istəyirəm.
Azərbaycan güləşinin vəziyyəti köhnə evə bənzəyir. Necə ki, köhnə evin damını dəyişib divarını malalayırsan. Eynilə güləşdə də tez-tez baş məşqçiləri və ya baş katibi dəyişməklə nəsə yaratmaq istəyirik. Bina qəzalıdırsa, damı yox, fundamenti dəyişmək lazımdır. Əks halda heçnə dəyişməyəcək. Nə məşqçiləri qınamaq lazımdır, nə idmançıları, nə də ki, bütün günü federasiyada kağız-kuğuz işi ilə məşğul olanları.
Güləşin inkişaf proqramı olmalıdır. Bunun üçün ilk növbədə 5-10 illik dövlət proqramı olmalıdır. Dövlət proqramının ən əsas hissəsi büdcə və mütəxəssislərdən ibarət idarəetmə sistemi olmalıdır. Bu proqram istiqamətində fundamental surətdə sistemi dəyişmək lazımdır. Bəlkə də Azərbaycanda indiyədək dövlət proqramı olmadan kasıbçılıqdan, istedaddan, kütləvilikdən, vətənpərvərlikdən ənənəvi idman növü prinsipləri əsasında yetişən idmançılar güləşə cavabdeh idman rəhbərlərini aldadıb və düşünüblər ki, su gələn arxa bir də su gələcək. Yox, cənablar! Peraşki ilə yetişən, güləşdən heç bir təmanna güdməyən vətənpərvər uşaqlar dövrü getdi. Texnologiyanın rahat həyat tərzi bəxş etdiyi indiki uşaqlar oxumaq istəyirlər, Avropada, böyük ölkələrdə yaşamaq istəyirlər, yutuber olmaq istəyirlər, elit idman növləri ilə məşğul olmaq istəyirlər, tələbləri, zövqləri başqadır.
Bu gün dünya çempionatından canlı yayın açan Güləş Federasiyasının səhifəsini maksimum 500-600 nəfər izləyir. Amma meyxana deyənləri, klonluq edənləri yüzminlərlə insan izləyir. Biz hələ güləşi cəmiyyətə meyxana qədər sevdirə bilməmişik. İnkişaf kütləvilikdən başlayırsa, kütləviliyin inkişafı da cəmiyyətin həmin peşəyə sevgisini qazanmaqdan başlayır.
Ramin Allahverdiyev-sərbəst güləş üzrə Respublikanın əməkdar məşqçisi