AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

Sentyabrın 21-də AFFA-da Azərbaycan Premyer Liqası, I və II Liqada çıxış edən klubların nümayəndələri üçün 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

"Olimpsport" qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb.

UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin rəhbəri Ales Zavrl iştirakçılara UEFA-nın Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat təqdim edib.

İclasda ötən mövsümün icmalı və Klubların Lisenziyalaşdırılması Departamentinin yenilənmiş təşkilati strukturu, prosesə aid rəsmi sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər barədə təqdimatlar olub. Həmçinin mövsümdən etibarən tətbiq olunacaq I Liqa üçün lisenziyalaşdırma sisteminə dair meyarlar, mövsüm ərzində təşkil olunacaq yerlərdə treninqlər və seminarlar, cari mövsümdən etibarən lisenziyalaşdırma sistemi çərçivəsində tətbiq olunacaq yeni elektron portal və s. mövzular üzrə müzakirələr aparılıb. İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.