Hacı Əliyev karyerasına aydınlıq gətirdi
Serbiyanın paytaxtı Belqradda keçirilən 2023 dünya çempionatı bu gün başa çatır. Bildiyiniz kimi sərbəst güləş yığmamız mundialda gözlənilən nəticəni göstərmədi. Düzdür, komanda hesabında Millimiz dünya 5-cisi olaraq qənaətbəxş nəticə göstərdi. Amma fərdi mübarizələrdə və xüsusilə də Olimpiya Oyunlarına vəsiqə qazanmaq yolunda bahadırlarımız aşağı nəticə göstərdilər. Bu barədə əvvəlki yazımda da vurğulamışam. Bu yazımı isə iki qat Olimpiya mükafatçısı, üç qat dünya və dörd qat Avropa çempionu Hacı Əliyevə həsr etmək istəyirəm.
Beləliklə, güləşsevərlər 65 kq çəki dərəcəsində iştirak edən millimizin favoriti Hacı Əliyevdən ən azı medal və olimpiadaya vəsiqə gözləyirdilər. Bu da təbiidir. Çünki Hacı Əliyev güləşsevərlərin həmişə ona olan ümidlərini doğruldub və onların rəğbətini qazanıb. Təəssüf ki, son Avropa çempionumuz ona bəslənən ümidləri bu dəfə doğrultmadı. Bu o demək deyil ki, Hacı Əliyevin Azərbaycan güləşinə verdiyi töhfələr unudulmalıdır. Sözsüz ki, güləşin nə olduğunu anlayan əsil güləşsevərlər bu cür məğlubiyyətləri faciə hesab etmirlər.
Hacı Əliyev torpaqlarımız işğal altında və üstümüzdə məğlubiyyət damğası olanda ermənilərin payını yarışlarda verirdi. Bu gün biz artıq qalib ölkəyik. Bundan sonra müxtəlif idman növlərində idmançılarımız nə qədər erməni idmançılarına məğlub olsalar belə başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan Ordusunun erməniyə vurduğu "Dəmir Yumruq" zərbəsi sayəsində qazandığımız "Zəfər" qalibiyyətimizi zərrə qədər də unutdura bilməz!
Belə də yunan-Roma yığmamız mundialda necə lazımdır erməni rəqiblərinə güclərini göstərdilər və böyük ehtimalla bu gün yunan-Roma Millimiz komanda hesabında dünya çempionu olacaq. Fürsətdən istifadə edərək bu qələbələr münasibətilə indidən bahadırlarımızı, güləşsevərlərimizi və Azərbaycan Güləş Federasiyasını təbrik edirik!
Qayıdaq Hacı Əliyevə. Hacı Əliyevin karyerası biraz Olimpiya çempionumuz Namiq Abdullayevin karyerasına bənzəyir. O vaxt yadımdadır ki, keçmişə boynu dönməyən bəzi güləş azarkeşləri Namiq Abdullayevi də gənclərə yol açmamaqda suçlayırdılar və karyerasını bitirməyi tələb edirdilər. Amma dəfələrlə Avropa çempionu, dünya mükafatçısı, iki qat Olimpiya mükafatçısı, Olimpiya çempionu Namiq Abdullayev 32 yaşında Avropa çempionu oldu. Hətta Namiq Abdullayev 35 yaşında dünya 3-cüsü oldu. Eynilə Hacı da 32 yaşında cəmi bir neçə ay bundan əvvəl Avropa çempionu oldu. Elə iki gün əvvəl 35 yaşında dünya çempionu olan yunan-Roma güləşçimiz Rafiq Hüseynovu da buna misal çəkmək olar. Əgər formadasansa niyə də karyeranı davam etdirməyəsən? K.Ronaldo 38 yaşında yığmada oynayır. Niyə? Çünki ideal idman formasını qoruyub saxlayır. Ümumiyyətlə bu tsiklda dünya, Olimpiya çempionları, Olimpiya mükafatçıları məğlub oldular və elələri də oldu ki, medal belə qazanmadılar. Biri elə iki qat Olimpiya çempionu A.R.Sədullayev! indi Sədullayev güləşi atsın? İndi onların keçmişdə etdiklərini unudub tənqid edək? Düzdür, güləşsevərlər də qələbə istəyirlər, gənc idmançıların yetişməsini istəyirlər. Onlar da haqlıdırlar. Amma istəklər biraz yumşaq və nəzakətli formada olsa yaxşı olar. Onsuzda Hacı Əliyev 2024-də karyerasını bitirəcək. Onun tək hədəfi Olimpiya qızılını qazanmaqdır. Bu gün O, öz statusunda da bunu bildirib və bir çox məsələləri dilə gətirib.
Hacı Əliyevin bugünkü votçap statusunda yazdıqlarını olduğu kimi paylaşırıq.