Mərhum pəhləvan Yaşar Cavadovun adına inşa edilmiş güləş kompleksinin açılış mərasimi keçirilib
Oktyabrın 7-də Salyan rayonunun Şorsulu kəndində mərhum pəhləvan Yaşar Cavadovun xatirəsinə sərbəst güləş üzrə U15 yaşlı idmançılar arasında yarış keçirilib.
OLİMPSPORT xəbər verir ki, yarış eyni zamanda sərbəst güləş və daş qaldırma idman növləri üzrə idman ustası mərhum Yaşar Cavadovun adına tikilmiş güləş idman kompleksinin açılışına həsr edilib.
İdman kompleksi Atası Yaşar Cavadovun yolunu davam etdirən gənc pəhləvan, Vüsal Cavadovun illərlə topladığı öz şəxsi vəsaiti hesabına və bu sənətin təəssübünü çəkən xeyirxah insanların dəstəyi ilə tikilib ərsəyə gəlib. Kompleks bir böyük salondan, məşqçi, müdir, soyunub-geyinmə otaqlarından və sanitar qovşaqlarından ibarətdir. Bir sözlə, müqəddəs ocaqda gələcəyin Olimpiyaçıları və pəhləvanları üçün hər cürə şərait yaradılıb.
Xatırladaq ki, yarışın və "Yaşar Cavadov İdman Klubu" nun güləş kompleksinin açılışında pəhləvanlar ailəsi ilə yanaşı AMİNA rəhbərliyi də iştirak edib. Rəsmi açılış zamanı Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və üç rəngli bayrağımız yüksəldilib. Azərbaycan Respublikasının üç rəngli bayrağı mərhum Yaşar Cavadovun adını və yolunu davam etdirən 5 yaşlı nəvəsi Yaşar Cavadov yüksəldib.
Qeyd edək ki, nəvə Yaşar, pəhləvan Yaşarın digər oğlu və hazırda Şorsulu kəndində güləş üzrə məşqçi-müəllim çalışan Tural Cavadovun övladıdır.
Xatırladaq ki, mərhumun digər övladı Vüqar Cavadov da atasının yolunu davam etdirir. Bir sözlə pəhləvanlar ailəsi qədim idman tariximizin yaşamasında sözün əsl mənasında özlərini bu yola qurban veriblər.
Yarışın açılış mərasimində Yaşar Cavadov 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra yarışa fəxri qonaq qismində dəvət edilən qonaqlar mərhum Yaşar Cavadov haqqında xoş xatirələr deyərək ruhuna dualar oxuyublar.
Yarışın rəsmi açılış mərasimindən sonra bədii hissə baş tutub. Bədii hissə zamanı pəhləvanlar öz maraqlı nömrələri ilə salona toplaşmış idmansevərləri əyləndiriblər.
Komanda-komanda formatında keçirilən Yarışın qalibi Lənkəran komandası olub. 2-ci yeri Cəlilabad, 3-cü yeri isə Salyan komandası tutub.