UEFA İtaliyanın "Roma" klubunun 2 futbolçusunu cəzalandırıb
UEFA İtaliyanın "Roma" klubunun futbolçusu Daniele De Rossini Avropa Liqasından 3 oyunluq kənarlaşdırıb. Olimpsport.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi Portuqaliya "Portu"su ilə Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb.
O, rəqib oyunçu Maksi Pereyraya qarşı sürüşmə fəndini kobudcasına yerinə yetirib. Zərərçəkənə əməliyyat lazım gəlib. Pereyra yaşıl meydanlardan 3 ayadək kənarda qalacaq.
Həmin matçda "Roma"nın qırmızı vərəqə alan daha bir futbolçusu Emerson isə 2 oyunluq diskvalifikasiya ilə üzləşib.
Qeyd edək ki, E qrupunda yer alan "Roma" ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt təmsilçisi "Qarabağ"ı Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış "Viktoriya"nın qonağı olacaq.