Abşeron və Ağdaş bədii gimnastları təlim-məşq toplanışı keçiriblər
Abşeron və Ağdaş Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçiriblər.
"Olimpsport" xəbər verir ki, hazırlığın əsas məqsədi regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların fiziki cəhətdən yerli və beynəlxalq yarışlara hazırlıqlarının gücləndirilməsidir.
19 gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa, lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetiriblər.
Abşeron və Ağdaş Olimpiya İdman Komplekslərinin bədii gimnastika üzrə məşqçisi Aygül Babaşova bu gün yekunlaşan bir həftəlik təlimlərin həm idmançılar, həm də məşqçilər üçün faydalı olduğunu söyləyib. O, burada 2008-2011-ci il təvəllüdlü gimnastların ümumi və xüsusi fiziki hazırlıq keçdiyini vurğulayıb. Məşqçi regionu təmsil edən gimnastların təkmilləşməsi üçün yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına (AGF) təşəkkür edib.
AGF-nin təşkil etdiyi bu layihə təkcə Bakıdan mütəxəssislərin rayonlara səfərləri və master-klasların təşkilini deyil, həm də ölkənin müxtəlif bölgələrindən perspektivli idmançıların paytaxta toplanışa dəvət olunmasını nəzərdə tutur.
Qeyd edək ki, gimnastikanın inkişafı çərçivəsində regionlardan olan idmançılar mütəmadi olaraq Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər. Bundan əvvəl Gəncə, Masallı, Lənkəran, Mingəçevir, Kürdəmir və Şirvan Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölmələrinin üzvləri Milli Gimnastika Arenasının qonağı olublar.