SSRİ çempionu Tofiq Karayevin şərəfinə həsr olunmuş üçnövçülük üzrə ölkə yarışı keçirilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə SSRİ çempionu, professor Tofiq Karayevin şərəfinə həsr olunmuş üçnövçülük üzrə ölkə yarışı keçirilib.

"Olimpsport" xəbər verir ki, Respublika Olimpiya Mərkəzində təşkil olunan turnirdə Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Bərdə, Quba və Xaçmazı təmsil edən 2010-2011-ci il təvəllüdlü 80 idmançı mübarizə aparıb.

İştirakçılar 60 və 200 metr məsafəyə qaçış, uzunluğa tullanmada qüvvələrini sınayıblar. Həm 60, həm də 200 metr məsafəyə qaçışda oğlanlarda Tuncay Hümbətov, qızlarda Fidan Osmanova qalib olub. Uzunluğa tullanma üzrə yarışda oğlanlarda Tuncay Hümbətov, qızlarda Səlma Ağabəyova ən yüksək nəticəni göstəriblər.

Üçnövçülük üzrə ümumi hesabda da oğlanlarda Tuncay Hümbətov baş mükafata sahib çıxıb. Əkbər Dadaşlı 2-ci, Nurlan Mərdanov 3-cü yeri tutub. Qızlarda isə Fidan Osmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səlma Ağabəyova və Nila Heydərova müvafiq olaraq 2-ci və 3-cü pillələrdə yer alıblar.