Çövkən oyunu üzrə Prezident Kubokunun qalibi bəlli olub

Çövkən üzrə Prezident Kubokuna yekun vurulub.

"Olimpsport" xəbər verir ki, Binə Elit Atçılıq Mərkəzində bağlanış mərasimi, üçüncü yer uğrunda görüş və final qarşılaşması təşkil olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev iştirak ediblər.

İlk olaraq Dövlət Sərhəd Xidmətinin orkestrinin ifasında müxtəlif çıxışlar səsləndirilib.

"Sərhədçi-Dilbaz" bürünc medal görüşündə "Omar" kollektivinə əlavə vaxtda 2:1 hesabı ilə qalib gəlib. Finalda isə "Polad" “Sərhədçi-Qarabağ”ı 4:1 hesabı ilə məğlub edərək Prezident Kubokunun qalibi olub.

Ardınca mükafatlandırma mərasimi keçirilib. Medalları F.Qayıbov və E.Quliyev təqdim ediblər. Hakimlər briqadasına isə fəxri diplomlar verilib.

Qeyd edək ki, yarışda 8 komanda mübarizə aparıb.