İngiltərə Premyer Liqası: “Arsenal” məğlub olub

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində Londonun “Emireyts” stadionunda “Arsenal” eyni şəhərin “Vest Hem” komandasını qəbul edib.

"Olimpsport" xəbər verir ki, “topçular”ın nəhəng üstünlüklərinə baxmayraq, görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb.

Matçın 13-cü dəqiqəsində Carrod Bouenin ötürməsindən sonra Tomaş Souçek topu qapıya göndərərək qonaqları hesabda irəli çıxarıb. 55-ci dəqiqədə isə Devid Moyesin yetirmələri hesabdakı fərqi artırıb: Konstantinos Mavropanos dəqiq oynayıb. “Arsenal”ın oyun boyu davam etmiş təzyiqlərinə baxmayaraq, matçda başqa qol vurulmayıb – 0:2.

Beləliklə, 19 oyundan sonra “Arsenal” turnir cədvəlində 40 xalla ikinci pillədə qalıb. Onu lider “Liveprul”dan iki xal ayırır. “Vest Hem” isə 33 xal toplayaraq turnir cədvəlində “Mançester Yunayted”i ötüb. Komanda 6-cı pillədə qərarlaşıb.