"Azərbaycana necə azarkeşlik etməyək?" - FİDE-nin prezidenti
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu gün olimpiadanın media mərkəzində FİDE-nin prezidenti Kirsan İlyumjinov mətbuat konfransı keçirib.
Olimsport.az-ın məlumatına görə, beynəlxalq qurumun rəhbəri ilk olaraq ölkəmizdə keçirilən olimpiadanın yüksək təşkilatçılığından söz açıb:
“İlk növbədə Azərbaycan dövlətinə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bakıda Ümumdünya Şahmat Olimpiadasının və FİDE-nin konqresinin təşkili üçün hər cür şərait yaradılıb. 4 il əvvəl FİDE-nin üzvləri olimpiadanın Bakıda keçirilməsinə yekdilliklə səs vermişdilər. Azərbaycan bu etimadı artıqlaması ilə doğruldub. Bu, FİDE-nin tairixində ən yaddaqalan olimpiadalardan biri, bəlkə də birincisidir. Təşkilatçılıq çox yüksək səviyyədədir. Qonaqların gəlişi, qarşılanması, otellərdə yerləşdirilməsi, qidalanma, yarış zalı, jurnalistlərin iş otağı - bütün bunlar ən yüksək səviyyədə təşkil edilib”.
İlyumjinov olimpiadanın yüksək təşkilatçılığını dövlət dəstəyi ilə əlaqələndirib:
“Bu, FİDE-yə rəhbərlik etdiyim dövrə baş tutan sayca 11-ci olimpiadadır. Bakıdakı turnir 11 olimpiada arasında ən yaxşısıdır. FİDE rəsmiləri, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman nazirliyi və hökümət rəhbərlərinin birgə əməyi nəticəsində olimpiada ən yüksək səviyyədə təşkil edilib”.
FIDE prezidenti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin olimpiadaya göstərdiyi maraqdan da söz açıb:
“FİDE rəsmiləri üçün Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı, turnirdəki ilk gedişi etməsi çox xoş idi. Ölkənin 1 nömrəli şəxsinin olimpiadaya qatılması təkcə Azərbaycan yox, dünya şahmatı üçün də böyük təbliğatdır. Bakı Olimpiadası iştirakçıların sayına görə rekorda imza atıb. Olimpiadada 176 ölkənin nümayəndələri yarışır. İdmançıların səviyyəsi də olduqca yüksəkdir. Olimpiadada 273 kişi, 88 qadın qadın, ümumilikdə 361 qrossmeyster, eləcə də 300 beynəlxalq dərəcəli usta mübarizə aparır. Bakıda 2 hazırkı dünya çempoinu, kişilər arasında Maqnus Karlsen, qadınlardan Hou Yifan iştirak edir. Eləcə də keçmiş dünya çempionlarının sayı kifayət qədərdir”.
Kirsan İlyumjinov Bakıda baş tutacaq FİDE konqresində bir çox vacib qərarların qəbulunun gözlənildiyini söyləyib:
“Qarşıdakı günlərdə FİDE-nin Konqresi start götürcək. Burada bir çox məsələlər müzakirə olunacaq. Şahmatın inkişafı yolunda mühüm addımların atılacağına inanırıq”.
FİDE rəhbəri Olimpiadanın yüksək səviyyəli təşkilində yarışın təşkilat və əməliyyat komitələrinin rolunu vurğulayıb:
“Olimpiadanın yüksək səviyyəli təşkili üçün təşkilat və əməliyyat komitələri böyük iş görüblər. Onların əməyini mütləq qeyd etmək lazımdır. Bilirəm ki, Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov hər gün təşkilatçılıqla çox ciddi şəkildə maraqlanırdı. Bir sözlə, olimpiadanın ən yüksək səviyyədə baş tutması üçün lazım olan bütün işlər görülüb. Eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin fəaliyyətini vurğulamaq lazımdır. İdeal şərait yaradılıb. İndi şahmatçılara yalnız oynamaq qalır”.
O, Azərbaycanın gələcəkdə də ən böyük şahmat yarışlarına ev sahibliyi edə biləcəyini söyləyib:
“Qonaqlar Bakıda özlərini çox rahat hiss edirlər. FİDE rəsmiləri hər zaman Bakıda olmağa hazırdılar. Bizi burada çox yaxşı qarşılayırlar. İstənilən şahmatçıdan soruşun, iki əlli Bakının ən böyük yarışlara ev sahibliyi etməsinə razı olacaq. Bu barədə müzakirələrimiz olub. Gələcəkdə uşaqlar arasında olimpiadanı Bakıda təşkil edə bilərik”.
Kirsan İlyumjinov olimpiadada hansı komandaya azarkeşlik etməsi ilə bağlı sualı belə cavablandırıb:
“Rusiya vətəndaşıyam. Digər tərəfdən də Azərbaycanda qonağıq. Azərbaycana necə azarkeşlik etməyək? Bir tərəfdən Rusiya, digər tərəfdən Azərbaycanın qələbə qazanmasını istərdim. Qonaq komandalar hamısı mənə yaxınlaşaraq müxtəlif suallar verir. Onlara da dəstək olmaq lazımdır. FİDE-nin üzvü olan bütün ölkələrə azarkeşlik edəcəyəm”.