PSJ Fransa Superkubokunun qalibi oldu
PSJ və “Tuluza” komandalarının qarşılaşdığı Fransa Superkuboku uğrunda görüş başa çatıb.
"Olimpsport" xəbər verir ki, komandalar Parisdəki "Park des Princes" stadionunda qarşılaşıblar.
Parislilər artıq görüşün üçüncü dəqiqəsində hesabda önə keçiblər - yarımmüdafiəçi Li Kan İn ilk qola imza atıb. Koreyalı Usman Dembelenin ötürməsindən fərqlənib. 44-cü dəqiqədə Kilian Mbappe PSJ-nin heyətində daha bir qola imza atıb. İkinci hissədə komandalar bir-birinin qapısına zərbə vura bilməyib. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb.
Görüşü Xakim Ben Əl-Hacın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Rəqibinə inamla qalib gələn PSJ Luis Enrikenin rəhbərliyi altında kubokunu qazanıb.
PSJ bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 9 matça çatdırıb, komanda sonuncu dəfə noyabrın 7-də Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın "Milan" komandasına səfər oyununda (1:2) məğlub olub.
PSJ 12-ci dəfə Fransa Superkubokunu qazanıb – bu turnirin rekordudur. Bu göstəricidə ən yaxın təqibçi adı səkkiz titul sahibi olan “Lion”dur.