Messinin 500, Ronaldonun 400-cü qol, "İbra"nın 14-cü çempionluq şansı

Avropa ölkələrində 2016-17 mövsümü yenicə start götürməsinə baxmayaraq, artıq komandalar nəyə iddia etdiklərini ortaya qoymağa başlayıblar. Olimpsport.az-ın məlumatına görə, hər il olduğu kimi, bu mövsüm də bir neçə rekordun qırılması qaçılmazdı.

 

Belə ki, həm bəzi klublar, həm futbolçular, həm də baş məşqçilər üçün cari mövsüm rekordla yaddaqalan ola bilər. Biz də qırılması gözlənilən bəzi rekordları təqdim edirik.

 

- Kriştianu Ronaldo “Real”ın heyətində 400-cü qolunu vura bilər. Portuqaliyalı qoleadorun aktivində hazırda 364 top var.

 

- “Mançester Yunayted” Premyer Liqa tarixində 2000-ci xalını qazanan ilk klub ola bilər. Bu rekorda cəmi 41 xal qalıb.

 

- Ötən mövsüm 96 xalla Fransa çempionu olan PSJ-nin bu dəfə 100 xallıq həddi aşması gözlənilir.

 

- “Yuventus” A seriyası tarixində ardıcıl 6-cı çempionluğu qazanan ilk komanda ola bilər.

 

- Canluici Buffon karyerası ərzdinə A seriyasında 600-cü oyununa çıxa bilər. Hazırda aktivində 591 oyun olan Buffon yalnız Paolo Maldini (647 matç), Xavyer Zanetti (615), Françesko Totti (601) və Canluka Palyukadan (592) geri qalır.

 

- Lionel Messi və Kriştianu Ronaldo “Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Rayan Giqqzin Çempionlar Liqasında 30 assistlik rekordunu yeniləyə bilər. Hazırda portuqaliyalının aktivində 26, argentinalıda isə 22 məhsuldar ötürmə var.

 

- “Mançester Yunayted” Premyer Liqanın qalibi olsa, Zlatan İbrahimovuç 16 illik karyerasında 14-cü çempionluğunu qazanacaq. Bununla İbra Hollandiya, İtaliya, İspaniya və Fransadan sonra 5-ci fərqli ölkədə qızıl medal qazana bilər.

 

- Edinson Kavani PSJ tarixində 100 qol səddini aşan 4-cü futbolçu ola bilər. Paris klubunun heyətində rəqib qapılarından 82 top keçirən uruqvaylı forvardın bunun üçün cəmi 18 qolu çatmır.

 

- “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti 4 dəfə Çempionlar Liqasının qalibi olan ilk mütəxəssis ola bilər.

 

- Oktyabrın 1-də Arsen Venger “Arsenal”ın “sükanı arxası”nda 20-ci ilini tamamlayacaq. O, Premyer Liqa tarixində bunu bacaran ikinci mütəxəssis olacaq.

 

- Lionel Messi “Barselona” tarixində 500 qol vuran ilk futbolçu ola bilər. Hazırda argentinalının aktivində 459 top var.

 

- “Real” əzəli rəqibi “Barselona” ilə birlikdə son 6 mövsümün hamısında Çempionlar Liqasının yarımfinalına qədər irəliləməyi bacarıb. Bu mövsüm rekordu iki komandadan biri ələ keçirə və ya şərikli rekordçu kimi davam edə bilərlər.

 

- Ueyn Runi daha 3 qol vursa, “Mançester Yunayted” tarixinin bombardiri Bobbi Çarltona çatacaq. Hazırda kapitanın aktivində 246 top var.

 

- A seriyasında 248 qola imza atan Françesko Totti bunu 250-yə çatdıra bilər. Hazırda yalnız Silvio Piola (274 qol) “Roma”nın kapitanını qabaqlayır.

 

- Filipp Lam “Bavariya”nın heyətində 500-cü oyununa çıxa bilər. Ulduz futbolçuya bunun üçün daha 17 matçda iştirak kifayətdi.

 

- Çempionlar Liqasında 93 qolun müəllifi olan Kriştianu Ronaldo avrokuboklarda 100 qol səddini aşan ilk oyunçu ola bilər.

 

- “Everton”un yarımmüdafiəçisi Qaret Berri (595 oyun) bu mövsüm bütün görüşlərdə meydana çıxsa, Premyer Liqada ən çox iştirak edən Rayan Giqqzə məxsus 632 matçlıq rekordu yeniləyəcək.(Apasport)