Afrika Millətlər Kuboku başlayır

Yanvarın 14-də futbol üzrə Afrika Millətlər Kubokuna start veriləcək.

"Olimpsport" xəbər verir ki, 1984-cü ildən sonra ikinci dəfə Kot-d'İvuarın qəbul etdiyi turnirin açılış matçı ev sahibləri ilə Qvineya-Bisau yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sayca 34-cü dəfə təşkil olunacaq Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparacaq. Oyunlar 5 şəhər və 6 stadionda keçiriləcək.

Qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yaxşı üçüncü olan dörd yığma da 1/8 finala yüksəlmək hüququ əldə edəcək.

Turnirin maskotu Kot-d'İvuarda "Xoş gəldin" mənasını verən "Akvaba" adlı fildir.

Afrika Millətlər Kubokunu ən çox qazanan yığma Misir komandasıdır. Kollektiv 7 dəfə (1957, 1959, 1986, 1998, 2006, 2008, 2010) çempionluq sevinci yaşayıb. Misir həm də turnirdə ən çox – 26 dəfə iştirak edən yığmadır. Ev sahibi Kot-d'İvuar 24 dəfə, Qana isə 22 dəfə turnirdə mübarizə aparıb.

Qeyd edək ki, fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.