“Mançester Yunayted” – “Tottenhem” oyununda qalib müəyyənləşməyib
Futbol üzrə İngiltərə Premyer Liqasında XXI turun daha iki oyunu keçirilib.
"Olimpsport" xəbər verir ki, günün ilk matçında "Everton" və "Aston Villa" komandaları qolsuz bərabərliyə razılaşıblar.
Turun mərkəzi görüşündə isə bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən "Mançester Yunayted" "Oldu Trafford"da "Tottenhem"i qəbul edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən matçda qalib müəyyənləşməyib - 2:2. Oyunda hesab erkən qolla açılıb. Rasmus Hoylund meydan sahiblərini önə keçirib. 19-cu dəqiqədə qonaqların hücumçusu Rişarlison tarazlığı bərpa edib. 40-cı dəqiqədə "qırmızı şeytanlar" yenidən üstünlüyü ələ keçiriblər. Bu dəfə Markus Reşford adını tabloya yazdırıb. 46-cı dəqiqədə fərqlənən Rodriqo Bentankur isə oyunda yekun hesabı müəyyənləşdirib.
Hazırda "Tottenhem" 40 xalla beşinci, "Mançester Yunayted" isə 32 xalla 7-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 45 xalı olan "Liverpul" başçılıq edir.