“Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartal tarixə düşüb
Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi İsmayıl Kartal klubun tarixinə düşüb.
"Olimpsport" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis İstanbul nəhənginin sükanı arxasında Superliqa tarixində ən yüksək qələbə faizi əldə edən, eləcə də orta hesabla ən çox xal (2,65) toplayan ilk türk məşqçi olub.
Bu mövsüm İ.Kartalın rəhbərliyi altında Türkiyə çempionatında 20 matçda 17 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə yadda qalan “Fənərbağça” 57 dəfə rəqib qapılarına yol tapıb. “Sarı-lacivərdlilər” bu matçlarda ümumilikdə 16 top buraxıb.
UEFA Konfrans Liqasının təsnifat və qrup mərhələsində keçirdiyi 12 matçın 10-da qalib gəlib yalnız ikisində uduzan komanda lider kimi 1/8 finala yüksəlib.
Qeyd edək ki, “Fənərbağça” ötən ilin yayında İsmayıl Kartalla bu mövsümün sonunadək müqavilə imzalayıb. Komanda hazırda 50 xalla Superliqada turnir cədvəlinə başçılıq edir.