Ramil Şeydayev debüt oyununu Arda Turanın baş məşqçisi olduğu kluba qarşı keçirəcək

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubunun heyətində debüt oyununu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”a qarşı keçirəcək.

"Olimpsport" xəbər verir ki, bunu TFF I Liqa təmsilçisinin baş məşqçisi Ərtuğrul Sağlam yerli mətbuata açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, 28 yaşlı hücumçu komandaya hazır vəziyyətdə qoşulub: “Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də digər transferlərimiz oynamağa hazırdırlar”.

Qeyd edək ki, Ramil Şeydayev ötən gün “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb. Kocaeli komandası I Liqanın XIX turu çərçivəsində yanvarın 20-də “Eyüpspor”u qəbul edəcək. Hazırda “Eyüpspor” 45 xalla turnir cədvəlinə başçılıq edir. Üçüncü sıradakı “Kocaelispor”un hesabında isə 33 xal var.