Aleksey Antonov: “Qəbələ”ni hətta 2-ci yer də qane etmir - MÜSAHİBƏ

Yayda “Qəbələ” ilə yolları ayrılan Aleksey Antonov hələ də klub axtarışındadı. Azad agent statusu daşıyan ukraynalı futbolçu Azərbaycan və Qazaxıstandakı karyerası ilə bağlı ölkəsinin mətbuatına müsahibə verib. Olimpsport.az Apasporta istinadən həmin müsahibəni təqdim edir.

 

- Karyeranızla bağlı nə yenilik var?

- Hələ ki, gözləyirəm. “Dnepr” rəhbərliyi formamı saxlamaq üçün mənə komandada məşq etməyə imkan yaradıb. Buna görə onlara təşəkkür edirəm. İstənilən halda, kollektivlə məşq fərdi çalışmaqdan daha yaxşıdı. Azad agentəm. Bu isə o deməkdi ki, “transfer pəncərəsi”nin bağlanmasının mənə dəxli yoxdu. Adım istənilən vaxt hansısa klubun iştirak ərizəsinə daxil edilə bilər.

 

- Ukraynada və ya yaxın xarici ölkələrdə hansısa variantları nəzərdən keçirirsizmi?

- Açığı, hazırda bütün variantlar yalnız danışıq mərhələsindədi. Buna görə də, gələcək karyeramla bağlı dəqiq bir şey deyə bilmərəm.

 

- İki il öncə “Çernomorets”də məhsuldar mövsüm keçirdikdən sonra “Aktobe”yə yollandınız. Həmin vaxt adınız “Lion”la hallandığından, bu keçid sürpriz qarşılandı...

- “Lion” daha əvvəl, Avropa Liqasındakı oyunlarımızdan sonra mənimlə maraqlanmışdı. Ancaq komandanın baş məşqçisi dəyişdikdən sonra danışıqlar bitdi. Bundan sonra daha bir neçə variant oldu. Lakin istədim ki, tətilə çıxana qədər yeni klubum müəyyənləşsin. Elə oldu ki, əvvəlcə “Aktobe”yə keçdim, 1 il sonra isə “Qəbələ”yə. Etiraf edim ki, geri qayıtmaq istəmərəm.

 

- Axı “Aktobe” lazımi qədər böyük şəhərdi...

- Ancaq Almatı və ya Astana deyil. Üstəlik, ailəm yanımda deyildi. Bundan əlavə, Qazaxıstanda futbol Ukraynadakından fərqli, o qədər də məşhur idman növü deyil. “Kayrat” və “Astana”nın infrastrukturu qaydasındadı. Ancaq digər şəhərlərdə meydançaların durumu qorxunc vəziyyətdədi.

 

- Daha sonra Qazaxıstandan Azərbaycana yollandınız...

- Azərbaycana Roman Qriqorçuka görə getdim. “Qəbələ” barəsində isə o qədər də məlumatlı deyildim. Yalnız bu komandanı əvvəl Yuri Syominin çalışdırdığını bilirdim. “Aktobe” ilə 1 illik müqaviləm qalsa da, Roman İosifoviç xidmətimdə maraqlı idi. Özüm də “Qəbələ”yə keçməyə qarşı deyildim.

 

- “Qəbələ” ilə 2 illik müqavilə bağladınız. Ancaq orda da 1 il qalası oldunuz. Niyə?

- Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Elə alındı ki, nə klub, nə də mən əməkdaşlığı davam etdirməkdə maraqlı olduq.

 

- Siz orda olduğunuz müddətdə “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi...

- Bəli, bu, çox böyük uğur idi. Amma mövsümün nəticələri rəhbərliyi tam qane etmədi. Çünki çempionatda 3-cü olduq, Azərbaycan Kubokunda isə finala çıxa bilmədik. Bu da mövsümün qiymətləndirilməsində öz təsirini göstərdi. “Qəbələ” artıq 3-cü dəfə ölkə çempionatında bürünc medal qazandı. Lakin bu komandanı hətta 2-ci yer də qane etmir. Onlar çempionluğa çalışırlar. Avroliqada çıxış edəndə hamı sevinirdi. Cari mövsümdə də “Qəbələ” bu uğuru təkrarlaya bildi. Futbolçular hər il bu səviyyədə oynamağa çalışırlar. Nəticədə komanda Avropada da tanınır.

 

- Azərbaycan çempionatı barədə təəssüratınız necədi?

- Orda da stadiona az azarkeş gəlir. Süni örtüklü meydançalar çoxdu. Avroliqanın oyunlarını biz Bakıda keçirirdik. Ancaq Dortmund “Borussiya”sı ilə görüşdə də tribunalar tam dolmamışdı. Halbuki matçın keçirildiyi stadionun tutumu 15 minə yaxın olardı.

 

- Amma yenə də futbolçular ora gedirlər...

- Nə etmək olar? Harda iş varsa, ora gedirlər. Zəmanə çətinləşib. Ukraynada vəziyyət yaxşı olsaydı, bu qədər futbolçu ölkədən çıxmazdı.