İtaliya Superkuboku: “İnter” və “Napoli” finalda qarşılaşacaqlar

İtaliya Superkubokunun yarımfinal matçında Milan “İnter”i Romanın “Latsio” komandasından üstün olaraq finala çıxıb.

"Olimpsport" xəbər verir ki, qarşılaşma Səudiyyə Ərəbistanında baş tutub.

“İnter”in 3:0 hesabı ilə qalib gəldiyi matçda 17-ci dəqiqədə Markus Türam, 49-cu dəqiqədə penaltidən Hakan Çalhanoğlu və 87-ci dəqiqədə Davide Frattezi fərqləniblər.

Xatırladaq ki, ötən gün “Napoli” “Fiorentina”nı eyni hesabla məğlub edərək yarışın finalına vəsiqə qazanmışdı. “İnter” və “Napoli” arasındakı həlledici matç yanvarın 22-də keçiriləcək.

Qeyd edək ki, İtaliya Superkuboku ilk dəfə “Dördlər finalı” formatında keçirilir. Əvvəllər kubok uğrunda iki komanda mübarizə aparırdı. Turnirin hazırkı qalibi 7 kuboku olan “İnter”dir. Ən titullu klub isə “Yuventus”dur: turinlilər 9 dəfə bu kuboku başları üzərinə qaldırıblar.