Türkiyə Superliqası : “Fənərbağça” doğma meydanda xal itirib, digər oyunlarda heç-heçə qeydə alınıb

Futbol üzrə Türkiyə Superliqasında XXI turun oyunları davam edir.

"Olimpsport" xəbər verir ki, lider “Fənərbağça” doğma meydanda “Samsunspor”u qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Hesabı 12-ci dəqiqədə meydan sahiblərinin heyətində İrfan Can Kahveci açıb. Qonaqlar 63-cü dəqiqədə Emre Kılıncın qolu ilə tarazlığı bərpa ediblər.

Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" evdə "Qaziantep"lə 2:2, "Konyaspor" isə "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb.

Turun mərkəzi matçında bu gün "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olacaq. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.