İspaniya La Liqasının XXI turunda “Jirona” “Sevilya”nı darmadağın edib
İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Jirona” “Sevilya”nı qəbul edib.
"Olimpsport" xəbər verir ki, matç “Munisipal de Montilivi” stadionunda baş tutub.
Pablo Qonsales Fuertesin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi matç çempionatın favoriti “Jirona”nın qələbəsi ilə başa çatıb.
Oyunun 10-cu dəqiqəsində hesabı qonaqlar açıb: İsaak Romero topu qapıya göndərib. “Jirona”nın ukraynalı hücumçusu Artyom Dovbık cəmi 6 dəqiqəyə – 13-cü, 15-ci və 19-cu dəqiqələrdə fərqlənərək het-trikə imza atıb və “Jirona”nın böyükhesablı qələbəsinin əsasını qoyub. 56-cı dəqiqədə digər ukraynalı Viktor Tsıqankov hesabı darmadağın həddinə çatdırıb. Oyunun 89-cu dəqiqəsində isə Kristian Stuani ev sahiblərinin beşinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 5:1.
Beləliklə, bu qələbə ilə “Jirona” 52 xalla turnir cədvəlində zirvəyə qayıdıb. Liderin ən yaxın təqibçisi 51 xalla “Real”dır. “Kral klubu”nun ehtiyatında bir oyun var. Uğursuz mövsüm keçirən “Sevilya”nın isə 21 oyundan sonra 16 xalı var.
Xatırladaq ki, daha öncə "Real" çempionatın autsayderi "Almeriya"nı yenmişdi.