Dünya çempionatı 40 komandanın iştirakı ilə keçirilə bilər

Futbol üzrə 2026-cı il Dünya Çempionatı 40 yığma komandanın iştirakı ilə 3 ölkədə təşkil oluna bilər. 

Olimpsport.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib. 

O bildirib ki, məsələ bu il oktyabrın 13-14-də İsveçrənin Sürix şəhərində keçiriləcək toplantıda müzakirə olunacaq. DÇ-2026-ya ABŞ, Kanada və Meksikanın birgə namizədlik verəcəkləri gözlənilir. 

Qeyd edək ki, hazırda dünya çempionatlarında 32 ölkə iştirak edir. UEFA isə 2016-cı il Avropa çempionatından etibarən komandaların sayını 16-dan 24-ə yüksəldib. AVRO-2020 isə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq.