“10 aydır ki, günahsız olaraq həbsdə saxlanılıram” - MÜRACİƏT
“Qəbələ” futbol klubunun üzvü, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən və barəsində həbs-qəti imkan tədbiri seçilən, iş üzrə Səbail rayon məhkəməsində məhkəmə prosesi aparılan futbolçu Cavid Hüseynov anası Xalidə Hacıyeva vasitəsi ilə KİV-ə növbəti müraciət ünvanlayıb.
Olimpsport.az saytının məlumatına görə, müraciətdə deyilir: “10 aydır ki, günahsız olaraq həbsdə saxlanılıram. Cinayət işində təqsirli bilinsəm də, bu ağır maddələrlə (cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə - 307.1 və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə - 307.2) ittiham olunsam da, Allah şahiddir ki, həm Uca Yaradan, həm də mərhum Rasim Əliyevin ruhu qarşısında günahsızam. Mən müqəssir deyiləm, mən qatil də deyiləm. Mən baş verənlərin təkrar olaraq təfərrüatına varmaq istəməsəm də, bəyan edirəm ki, indiyədək heç bir günahı sübuta yetirilməyən, lakin haqsız olaraq təqsirləndirilən və bunun “bədəlini” dəmir barmaqlıqlar arasında ödəmək məcburiyyətində qalan biriyəm. Mən bilirəm ki, haqq-ədalət nə zamansa öz yerini tutacaq, amma haqsız olaraq haqqın-ədalətin gümanlara qurban verilməsinə seyirçi olaraq dözmək istəmirəm. Mən 1993-cü ildə Qarabağda şəhid olan, “İgidliyə görə” medalı ilə təltif olunan baş leytnant Şakir Abbasovun oğlu Cavid Hüseynovam. Təkrar edirəm, mən cinayətkar deyiləm, mən qatil də deyiləm. Eyni zamanda, ittihamda göstərildiyi kimi, nə cinayətə təhrik edən, nə də bu cinayəti bilib gizlədən olmuşam. Mən sadəcə futbolçu Cavid Hüseynovam. Xahiş edirəm, necə varamsa, məni elə də qəbul edin...”
Daha sonra “...bəzi mətbuat səhifələrində məhkəmədə səsləndirdiyim ifadələr yanlış olaraq fərqli formada verilir və bütün bunlar məndə təəssüf hissi yaradır”, - deyə müraciətdə bildirilir.
Müraciətin sonunda C. Hüseynov bütün KİV nümayəndələrini mayın 11-də baş tutacaq növbəti məhkəmə prosesinə dəvət edir: “...Gəlin, haqla-nahaqqın ayırd edilməsinə siz də şahidlik edin və xahiş edirəm, haqqı yazın”.