"Kocaelispor" klubunun baş məşqçisi cəzalandırılacaq

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubunda baş məşqçisi olan Ərtuğrul Sağlam cəzalandırılacaq.

"Olimpsport" xəbər verir ki, buna təcrübəli mütəxəssisin TFF I Liqasının XIX turunda “Eyüpspor”la oyundan sonrakı davranışı səbəb olub.

54 yaşlı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından mətbuat konfransında hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib. Bu səbəbdən Nizam-İntizam Komitəsinə cəlb edilən Ərtuğrul Sağlamı diskvalifikasiya gözləyir. Həmin görüşdə təhqiramiz ifadələr işlədən “Eyüpspor”un baş məşqçisi Arda Turan da cəza alacaq.

Qeyd edək ki, “Kocaelispor” yanvarın 28-də XX tur çərçivəsində “Altay”ın qonağı olacaq. Kocaeli təmsilçisinin səfər görüşünə baş məşqçisiz çıxacağı gözlənilir.