Argentinalı mütəxəssis "Kadis"in baş məşqçisi təyin olunub

Argentinalı Mauritsio Pelleqrino İspaniyanın "Kadis" klubunun baş məşqçisi təyin olunub.

"Olimpsport" xəbər verir ki, 52 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlanıb.

Pelleqrinonun son iş yeri "Universidad de Çili" klubu olub. O, daha əvvəl "Veles", "Leqanes", "Sauthempton", "Alaves", "İndependyente", "Estudiantes" və "Valensiya" kimi komandalara da rəhbərlik edib. Mütəxəssis həmçinin "Liverpul" və "İnter"də ispaniyalı mütəxəssis Rafael Benitesin köməkçisi olub.

Qeyd edək ki, "Kadis" yanvarın 20-də baş məşqçisi Serxio Qonsalesin istefa verdiyini açıqlayıb. Komanda 21 oyundan 15 xalla La Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.