Xavi Ernandes “Barselona”dan ayrıla bilər

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Ernandes vəzifəsini tərk edə bilər.

"Olimpsport" xəbər verir ki, 44 yaşlı mütəxəssis bunu İspaniya Kubokunun 1/4 final mərhələsində “Atletik”ə 2:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

İspaniyalı çalışdırıcı bildirib ki, komandanın qeyri-sabit çıxışı onun Kataloniya təmsilçisindən ayrılması ilə nəticələnə bilər: “Biz "Barselona" kimi böyük klubdayıq. Oyun ərzində döyüşdük və çox çalışdıq. Qələbə qazana bilmirsənsə, deməli, baş məşqçinin komandadakı gələcəyi təhlükə altındadır”.

Qeyd edək ki, La Liqada da istədiyi nəticələri qazana bilməyən “Barselona” hazırda turnir cədvəlində 44 xalla üçüncü pillədə qərarlaşıb. Kataloniyalılar "Real Madrid"dən 7, lider "Jirona"dan isə 8 xal geri qalır.