İngiltərəli peşəkar boksçu Tayson Fyuri və ukraynalı Vladimir Kliçko arasındakı revanş döyüşünün vaxtı və yeri müəyyənləşib. Olimpsport.az-ın məlumatına görə, görüş oktyabrın 29-da İngiltərənin Mançester şəhərində baş tutacaq.
Bunadək tərəflərin revanş dueli iyulun 9-na planlaşdırılırdı. Lakin Fyurinin zədəli olması döyüşün vaxtının dəyişməsinə səbəb olub. Məğlubiyyətlə üzləşməyən ingiltərəli boksçunun aktivində 25 qələbə (18 nokaut), Kliçkoda isə 4 məğlubiyyət və 64 qələbə (53 nokaut) var.
Qeyd edək ki, 2015-ci ilin noyabrında tərəflər arasında Almaniyada keçirilmiş 12 raundluq döyüşdə Tayson Fyuri qalib gələrək İBF (Beynəlxalq Boks Federasiyası), WBA (Ümumdünya Boksçular Assosiasiyası) və WBO (Ümumdünya Boks Təşkilatı) versiyaları üzrə dünya çempionu tituluna yiyələnib. Daha sonra Fyuri mütləq müdafiədən imtina etdiyi üçün İBF kəməri ondan alınıb.(Report)