Azərbaycan millisinin baş məşqçisi Monteneqro yığmasına rəhbərlik edəcək

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasına rəhbərlik edəcək.

"Olimpsport" Monteneqro Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə birillik müqavilə imzalanacaq.

Xorvatiyalı çalışdırıcı fevralın 4-də sözügedən ölkəyə yollanaraq sözləşməyə qol çəkəcək. Onun yeni komandası ilə debütü Belarusla yoldaşlıq matçına təsadüf edəcək. Qarşılaşma martın 21-də Antalyada keçiriləcək.

Hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro milli komandasının üzvləridir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.