Xavi Ernandesin “Barselona”dan sonrakı planları bəlli olub
“Barselona”nın baş məşqçisi Xavi yayda klubdan ayrıldıqdan sonra məzuniyyətə çıxacaq.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, o, 1998-ci ildə peşəkar futbolda debüt etdiyi vaxtdan bəri fasiləsiz bu sahədə çalışır. 2019-cu ildə Xavi futbolçu karyerasını başa vurub və dərhal da “Əl-Sədd”ə rəhbərlik etməyə başlayıb. Oradan isə 2021-ci ildə “Barselona”nın "sükanı arxasına" keçib.
Bu səbəbdən indi mütəxəssis istirahət etmək və ailəsi ilə vaxt keçirmək istəyir.
Futbola qayıtdıqdan sonra isə Xavi İngiltərə Premyer Liqası klubunun məşqçisi olmaq arzusundadır. Lakin İtaliya A Seriyası və Almaniya Bundesliqasında işləmək variantlarını da istisna etmir. Mütəxəssisin məzuniyyəti təxminən bir il davam edəcək. Amma bu müddət təkliflərdən asılı olacaq.