Messiyə görə "İnter Mayami" ilə oyunun təşkilatçıları cəzalandırılacaq

Honq-Konqun İrimiqyaslı İdman Tədbirləri Komitəsi yerli çempionatın bütün ulduzlar komandasının “İnter Mayami” ilə yoldaşlıq oyununun təşkilatçılarına ayrılan maliyyə vəsaitini kəsəcəyini vəd edib.

"Olimpsport" bu barədə “Reuters”ə istinadən xəbər verir.

Fevralın 4-də Honq-Konqun ulduz komandası yoldaşlıq görüşündə “İnter Mayami”yə 1:4 hesabı ilə uduzub. Amerika komandasının əsas ulduzu Lionel Messi ehtiyat oyunçular skamyasında qalıb və bu səbəbdən tamaşaçılar birbaşa oyun zamanı tribunadan biletlərin pulunun qaytarılmasını tələb ediblər.

Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra "İnter Mayami"nin sahibi Devid Bekem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, fitə basılıb. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb. Qeyd olunur ki, bu matça biletin qiyməti təxminən 108 ABŞ dolları olub.

Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayamiy”ə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Hazırda MLS-də mövsümöncəsi fasilədir.