Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
Bakı şəhərinin Türkan qəsəbəsində idman zalının açılışı olub.
"Olimpsport" xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Məclisin deputatı Rauf Əliyev və digər şəxslər iştirak ediblər.
Rəsmi şəxslərin zalla tanışlığından sonra müxtəlif növlər üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.
Türkandakı idman zalı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib.
Zalın ərazisi 0.51 hektar, binanın tikintialtı sahəsi 1135 m2, ümumi sahəsi 2360 m2, köməkçi və texniki binaların ümumi sahəsi 230 m2-dir. İdman zalının binasında yarışların və məşqlərin keçirilməsi üçün 100 tamaşaçı oturacaqlı universal idman zalı, güləş, cüdo, karate, boks, trenajor, aerobika məşqlərinin keçirilməsi üçün şərait var. Binada həmçinin paltardəyişmə, duş, inzibati və köməkçi otaqlar təşkil olunub. İdman zalı zəruri idman avadanlıqları və digər inventarlarla təchiz edilib.
Ərazidə idman alətləri ilə təchiz edilmiş açıq havada meydança, yer tipli şahmat oyunu sahəsi quraşdırılıb.