İsveç və Danimarka qadınlar arasında Avropa Çempionatına ev sahibliyi etmək istəyir
İsveç və Danimarka 2029-cu ildə futbol üzrə qadınlar arasında Avropa Çempionatına ev sahibliyi etməklə bağlı müraciət etmək qərarına gəliblər.
"Olimpsport" xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyasının sədri Fredrik Raynfeldt və Danimarka Futbol Assosiasiyasının sədri Yesper Möller onlayn mətbuat konfransında bildiriblər.
“Beynəlxalq tədbirlərə ev sahibliyi etmək və onların təşkili üçün ərizələrin verilməsi bizim uzunmüddətli strategiyamıza uyğundur və biz İsveç-Danimarka əməkdaşlığını səbirsizliklə gözləyirik”, - deyə Fredrik Raynfeldt bildirib.
Xatırladaq ki, İsveç, Danimarka, Norveç və Finlandiya 2025-ci ildə futbol üzrə qadınlar arasında Avropa Çempionatına ev sahibliyi etməklə bağlı ərizə ilə müraciət ediblər, lakin tədbirin keçirilməsi ilə bağlı hüququ İsveçrə qazanıb.