Rodri “Mançester Siti”ni məğlubiyyətdən xilas edib

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Mançester Siti” “Çelsi”ni qəbul edib.

"Olimpsport" xəbər verir ki, oyunu Endrü Mədlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Oyun, gözlənildiyi kimi, Pep Qvardiolanın yetirmələrinin üstünlüyü ilə keçsə də, birinci hissədə qol buraxan tərəf elə onlar olub: 42-ci dəqiqədə Rahim Sterlinq Nikolas Ceksonun ötürməsindən sonra topu qapıya göndərib. Bu, “Liverpul”un sabiq hücumçusunun mövsümdə 6-cı qoludur.

Matç bütövlükdə “şəhərlilər”in nəhəng üstünlüyü ilə keçib, lakin “zadəganlar” da bəxtlərini əks-hücumlarda sınayıb. Bununla belə, 83-cü dəqiqədə Rodri komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, turun mərkəzi qarşılaşması tərəflərin heç-heçəyə razılaşması ilə yekunlaşıb.

Xatırladaq ki, bu oyundan sonra “Mançester Siti” 53 xalla üçüncü pilləyə enib. Komandanın ehtiyatında bir oyun daha var. “Çelsi” isə “Vulverhempton”un qələbəsindən sonra itirdiyi 10-cu pilləni geri qaytarıb.

Qeyd edək ki, komandalar arasında qeydə alınmış bu nəticədən ilk növbədə turu böyükhesablı qələbələrlə başa vurmuş "Liverpul" (57 xal) və "Arsenal" (55) yararlanıb. “Qırmızılar” və “topçular” cari həftəni müvafiq olaraq 1:4 və 0:5 hesablı qələbələrlə başa vurublar.