Milli Olimpiya Komitəsində "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib

Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib.

"Olimpsport" xəbər verir ki, qurumun baş katibi Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın gördüyü işlər, təşkil olunan idman tədbirləri və görüşlər, “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın gedişatı, həmçinin komissiyanın bu il üzrə fəaliyyət planı müzakirə olunub.

Azər Əliyev iclasın əvvəlində komissiyanın yeni üzvü seçilən Rüstəm Orucovu təbrik edərək ona uğurlar arzu edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "Olimpiya Gündəliyi-2020" Komissiyasının üzvü Zemfira Meftahəddinova bildirib ki, “Təhlükəsiz İdman” mövzusu idmanda vacib şərtlərdən biridir: “Bir Olimpiya çempionu kimi demək istəyirəm ki, idmançı məşqçinin qarşısında daim öz məsuliyyətini hiss etməlidir. Məhz bu vasitə ilə idmançı özündə məsuliyyət hiss edərək böyük nailiyyətlər qazana bilər”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov idmandakı zorakılıq haqqında danışıb. Olimpiya çempionu qeyd edib ki, peşəkar idmanda istər-istəməz bu hallara rast gəlinir: “Bəzən idmançı belə hallarda məşqçidən inciyərək idmanı tərk etmək qərarına gəlir. Amma yüksək nəticə əldə etdikdən sonra başa düşür ki, o, məhz bunun sayəsində uğur əldə edib. Bu baxımdan da Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi olan “Təhlükəsiz idman” mövzusunun belə halların aradan qaldırılması baxımından böyük rolu var”.

İclasda komissiyanın “İdman hamı üçün” və “Qadın idmanda“ televiziya proqramları ilə bağlı cari məsələləri də müzakirə edilib.

MOK-un Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov “İdman hamı üçün” televiziya proqramının 2024-cü il mövsümü ərzində çəkilən buraxılışlarına dair ümumi məlumat verib.

MOK-un Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva “Olimpiya Gündəliyi-2020” Komissiyasının televiziya layihəsindən biri olan “Qadın idmanda” verilişinin yeni buraxılışları, mövzusu və qonaqları haqqında danışıb.

“Təhlükəsiz idman” mövzusundan danışan MOK-un İdman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, sonra mövzu ilə bağlı təqdimatı komissiya üzvlərinin diqqətinə çatdırıb.

Sonra komissiya üzvləri yeni mövsüm üçün təkliflərini səsləndiriblər.

Qeyd edək ki, “Olimpiya Gündəliyi-2020” Komissiyasının əsası 2017-ci ildə qoyulub. Komissiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.