Baş məşqçi Bedri Meriç məğlubiyyətə görə üzr istəyib
“Gəncə” basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Kubokunun I turunda “Sərhədçi”yə 63:99 hesablı məğlubiyyətə görə üzr istəyib.
"Olimpsport" xəbər verir ki, türkiyəli mütəxəssis bunu bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlqamasında deyib.
“Kubok yarışı üçün legioner limiti fərqlidir. Üç yerli basketbolçunun meydanda olması səbəbindən oyun sistemində dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bu da bizə müsbət təsir etmədi. Ənənəvi oynadığımız basketboldan uzaqlaşdıq. Acı nəticə özünü hesabda göstərdi. Bəlkə də ən pis oyunumuzu keçirdik. Ona görə də azarkeşlərimizdən, bizi son oyunda tribunada dəstəkləyənlərdən üzr istəyirəm. Fanatları çox yaxşı anlayıram, onlar komandanı daha yaxşı yerlərdə görmək istəyirlər", - B.Meriç söyləyib.
O, böyükhesablı məğlubiyyətdə özünün günahkar olduğunu bildirib: "Ümid edirəm ki, gələcəkdə etimadı doğruldacağıq. Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət mənim üzərimdədir. Kubok turnirində daha iki güclü rəqibimizlə oyunumuz var. Mübarizə aparacağıq. Bizim üçün əsas olan çempionatdakı oyunları uğurla başa vuraraq liqanı daha üst sıralarda bitirməkdir”.