Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.

"Olimpsport" xəbər verir ki, oyunu Endrü Medlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Matçın 8-ci dəqiqəsində Markus Reşford “qırmızı şeytanlar”ı hesabda irəli çıxarsa da, bu, Erik ten Haqın yetirmələrinin oyunda yeganə uğuru olub. Qoldan sonra qonaqlar tamamilə müdafiəyə çəkilib, bəxtlərini əks-hücumlarda sınayıblar. 56-cı dəqiqədə Fil Foden Rodrinin dəqiq ötürməsindən sonra hesabı bərabərləşdirib. Təzyiqi artıran ev sahibləri 80-ci dəqiqədə hesabda irəli çıxıblar: Fil Foden dubla imza atıb. Əlavə edilmiş birinci dəqiqədə norveçli Erlinq Holann oyunda son nöqtəni qoyub – 3:1.

Qeyd edək ki, 27 turdan sonra Pep Qvardiolanın komandasının 62 xalı var. Turnir cədvəlində ikinci pillədə qərarlaşan “şəhərlilər”i “Liverpul”dan cəmi 1 xal ayırır. “Mançester Yunayted” isə bu məğlubiyyətdən sonra 44 xalla 6-cı pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə qazandıran ilk "dördlük" uğrunda mübarizə aparsa da, növbəti 11 oyunda bunu bacaracağı real görünmür. “Mançester Yunayted”i ilk "dördlük"dən 11 xal ayırır.

Növbəti turda “Mançester Siti” sonuncu dəfə liqa çərçivəsində evdə iki il öncə məğlub olan “Liverpul”un qonağı olacaq. Tərəflər arasında sonuncu görüş "sülh"lə yekunlaşıb – 1:1.