AMADA rəsmiləri CAHAMA-nın iclasına qatılıblar
Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası işə başlayıb.
"Olimpsport" xəbər verir ki, toplantıda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə müxtəlif milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edirlər.
Gündəliyə ötən iclasın hesabatının təsdiqi, CAHAMA-nın iş metodlarının müzakirəsi, Katiblikdə yeniliklər və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.
Burada müxtəlif Milli Antidopinq Təşkilatlarının (NADO) uyğunluq statusu ilə bağlı sirkulyar məktublara baxılıb. 2025-2027-ci illər üçün WADA Fondunun İcraiyyə Komitəsinə və Şurasına Avropa nümayəndələrinin seçilməsi prosedurları da müəyyən edilib. Müvafiq məşvərət qrupları WADA-nın iclasının gündəliyində duran məsələlərlə bağlı təqdimatlarla çıxış ediblər.
Açıq sessiyada WADA-nın ümumi təqdimatı olub və müxtəlif suallar cavablandırılıb.
Toplantının birinci günü CAHAMA-nın qarşıdan gələn WADA İcraiyyə Komitəsinin iclası, Komitənin sədr və sədr müavininin seçilməsi və digər işgüzar məsələlərlə bağlı mövqeyinin müzakirəsi ilə yekunlaşıb.
Tədbirə bu gün yekun vurulacaq.