“Mançester Siti” klubu yeni rekordlara imza atıb
İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.
"Olimpsport" xəbər verir ki, “şəhərlilər” 1/8 finalda Danimarka “Kopenhagen”ini 3:1 hesabı ilə məğlub etdikləri cavab oyununda bunu reallaşdırıblar.
Bu, Pep Qvardiolanın kollektivinin qitənin ən nüfuzlu klub turnirində ardıcıl 10-cu qələbəsi olub. “Mançester Siti” ÇL-də keçirdiyi ardıcıl 10 matçda qalib gələn ilk İngiltərə təmsilçisi kimi tarixə düşüb.
Mançesterlilərə qədər yalnız iki komanda bu həddə çata bilmişdi. “Real” 2015-ci ildə 10, “Bavariya” 2013-cü ildə 10, 2020-ci ildə isə 15 qarşılaşmada rəqiblərindən güclü olub.
Bundan başqa, “Mançester Siti” Çempionlar Liqasında ardıcıl 9 ev oyununda 3 və ya daha çox qol vuran ilk komanda olub.
Qeyd edək ki, “Kopenhagen”i hər iki matçda 3:1 hesabı ilə məğlub edən “Mançester Siti” 1/4 finala yüksəlib.