Avropa Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşib
Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşib.
"Olimpsport" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarış aprelin 5-dən 7-dək Bakıda keçiriləcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandıracaqlar.
Dünya Güləş Birliyinin (UWW) qəbul etdiyi qərara əsasən, final görüşləri keçirilməyəcək və yarımfinallarda qələbə qazanan güləşçilər Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.
Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşində 60, 67, 77, 87, 97 və 130, aprelin 6-da qadın güləşində 50, 53, 57, 62, 68 və 76, turnirin son günündə isə sərbəst güləşdə 57, 65, 74, 86, 97 və 125 kq-da mübarizə baş tutacaq.
I-S kateqoriyalı hakimlərin idarə edəcəyi yarışın gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq.
Aprelin 5-də, saat 17:30-da turnirin təntənəli açılış mərasimi start götürəcək.
Yaxın günlərdə biletlər “İtickets” vasitəsi ilə satışa çıxarılacaq.