Musa Qurbanlı İsveçdə komandasını dəyişə bilər

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçdə komandasını dəyişə bilər.

"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, “Yurqorden”in hücumçusu çempionatın digər iştirakçısı “Göteborq”un maraq dairəsinə düşüb.

Baş məşqçi Yens Bertel Asku Allsvenskanda yeni mövsüm başlamamış hücum xəttinin gücləndirilməsini istəyib. Bu mənada Qurbanlı onlar üçün uğurlu variant hesab olunur. Məlumatda bildirilir ki, 21 yaşlı forvardın “Yurqorden”in planlarına daxil olmaması bu keçidin reallaşmasına zəmin yarada bilər. “Göteborq” onu icarəyə götürməyi nəzərdən keçirir.

Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, İsveç çempionatında 2024 mövsümü martın sonunda başlayacaq. Maraqlıdır ki, ilk turda “Göteborq”la “Yurqorden” birincilərin meydançasında üz-üzə gələcəklər. Qarşılaşma aprelin 1-də olacaq.