Xavi Ernandes "Barselona"da qala bilər

"Barselona"nın baş məşqçisi Xavi Ernandes mövsüm başa çatdıqdan sonra İspaniya klubunda qala bilər.

"Olimpsport" xəbər verir ki, bu barədə "sport.es" nəşri iddia irəli sürüb.

Bildirilib ki, Kataloniya təmsilçisinin rəhbərliyi 44 yaşlı mütəxəssisin yerinə namizəd axtarışını dayandırıb.

Xavinin klubda fəaliyyətini davam etdirməsi üçün bir neçə şərt var. "Barselona" La Liqa çempionluğu uğrunda sonadək mübarizə aparmalı və Çempionlar Liqasını qazanmalıdır.

Bundan əlavə, klub rəsmiləri baş məşqçidən qalmağı şəxsən xahiş etməlidirlər. Əks halda o, sözünün üstündə duracaq. Eyni zamanda, "Barselona" rəhbərliyi gələn yay bir neçə yaxşı transferin gerçəkləşəcəyinə zəmanət verməlidir.

Qeyd edək ki, "Barselona" 29 turdan sonra 64 xalla La Liqada ikinci pillədə qərarlaşıb. Komanda lider "Real"dan 8 xal geridədir. Kataloniyalılar Çempionlar Liqasının 1/4 final mərhələsində Fransanın PSJ klubu ilə üz-üzə gələcək.