Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib

Bu gün Tailandın Phuket şəhərində Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Xüsusi Konqresi keçirilib.

"Olimpsport" Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə qurumun vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Konqresdə qurumun bütün komitələrinin hesabatları dinlənilib, müzakirələr aparılıb, təşkilatın yeni himni təqdim olunub. Bununla yanaşı, Paris Yay Olimpiya Oyunlarına gedən yolda son durum müzakirə edilib, bu il dünya səviyyəli yarışları qəbul edəcək ölkələrin təqdimatları nümayiş etdirilib.

Firdovsi Umudov IWF prezidenti Mohəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti ilə də görüşlər keçirib. Bu görüşlər zamanı bir sıra məsələlər, həmçinin AAF-ın bu beynəlxalq təşkilatlarla dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizdə ağırlıqqaldırmanın inkişafı istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi də müzakirə edilib.