"Trabzonspor" - "Fənərbağça" oyununda yaşananlara görə intizam işi açılan futbolçular bəlli olub

Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbağça" klubunun üç futbolçusuna qarşı intizam işi açıb.

"Olimpsport" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Osayi Samuel, Ceyden Ostervolde və İrfan Can Eğribayatdır.

Samuel Superliqanın XXX turunda "Trabzonspor"la matçda davada iştirak etməkdə, Ostervolde ilə Eğribayat isə idmançıya yaraşmayan hərəkət və həmin hadisəyə qatılmaqda ittiham olunurlar.

Bundan əlavə, İstanbul təmsilçisinin rəsmiləri Kürşat Çiftlik və Ozan Özkana da eyni səbəbdən intizam işi açılıb.

Qara dəniz klubunun köməkçi məşqçisi Egemen Korkmazın da sözügedən qarşılaşmada davada iştirakı ucbatından cəzalanacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşmadan sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Matç "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.