Dopinqə görə futboldan uzaqlaşdırılan fransalı məşhur futbolçu CAS-a müraciət edib
İtaliyanın "Yuventus" klubunun və Fransa millisinin futbolçusu Pol Poqba 4 illik futboldan uzaqlaşdırıldığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
"Olimpsport" xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İtaliya Milli Antidopinq Təşkilatının qərarından apellyasiya şikayəti verib.
Qeyd edək ki, 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub. O, ötən ilin sentyabrından Turin təmsilçisində məşqlərə qatılmır. "Yuventus" cəza rəsmiləşən kimi onunla müqaviləni ləğv edəcəyini bildirmişdi. Təcrübəli futbolçu 2018-ci ildə Fransa yığması ilə dünya çempionatının, 2020/2021 mövsümündə Millətlər Liqasının qalibi olub. Yarımmüdafiəçi fevralın 29-da cəzalandırılmışdı.