"Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib
4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününü qeyd etmək məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib.
"Olimpsport" xəbər verir ki, mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət komandaların oyunlarının keçirilməsi minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin edilməsi böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasında D divizionunu 2-ci pillədə tamamlayaraq, 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Vətən müharibəsindən bu günədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfər həlak olub, 285 şəxs xəsarət alıb. Ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595-i həyatını itirib. 3429 zərərçəkəndən 357-si uşaq və gənc, 38-i qadındır.