"Mən fasilədə də futbolçularla bunu danışdım" - Svanadze
"Çox çətin oyun oldu. Bilirik ki, "Neftçi" böyükhesablı məğlubiyyətdən sonra toparlanacaq. Rəqib bütün komanda ilə hücum edirdi". Olimpsport.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının V turunda "Neftçi" ilə keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis oyun haqda bunları bildirib: "İlk hissədə komandada nəsə eniş oldu. Ancaq son 20-25 dəqiqədə komanda toparlandı. Bundan sonra qalib gəldik. "Neftçi" yaxşı komandadır və düşünürəm ki, həmin 0:8 hesablı məğlubiyyət təsadüf idi".
- "Neftçi"nin yaxşı komanda olduğunu bildirdiniz. Düşünmürsünüz ki, "İnter" qola qədər "yatmışdı"...
- Bəli elədir. Mən fasilədə də futbolçularla bunu danışdım.
- Rəqibi oyundan öncə analiz edəndə ola bilər ki, futbolçular "Neftçi"ni düzgün qiymətləndirməmişdi?
- "Neftçi" ilə oyundan öncə 0:8 hesablı oyunu analiz etməmişdik.
- Ruslan Abışov və Nizami Hacıyevi niyə sonradan oyuna daxil etdiniz?
- Onlar sadəcə olaraq hazır deyildi. Bu gün səhər İlkin Qırtımov mənə ayağında ağrısının olduğunu dedi və bu səbəbən o da ehtiyat oyunçular skamyasında əyləşməli oldu.
- Penalti epizodunu necə dəyərləndirirsiniz?
- Penalti epizodunu görməmişəm. Bu səbəbdən nəsə deyə bilmərəm.
- Məğlubiyyətə baxmayaraq "Neftçi"nin yaxşı komanda olduğunu qeyd etdiniz. Hansı keyfiyyətlərinə görə?
- Orada yaxşı futbolçular var.
- Pərdisi vəziyyətdən asılı olaraq meydana buraxırsınız. Demək olar ki, ona xilasedici gözü ilə baxırsınız?
- "Qarabağ"la, "Sumqayıt"la oyunda xilasedici qollar vurub. Qarşıdakı oyunlarda onun start heyətində meydana buraxılmasını düşünmək olar.
- Rauf Əliyevin ikinci qol sevinci uzun çəkdi. Orada zədə almışdı, ya nəsə baş verdi?
- Zədə yox idi. Sadəcə uzun müddət idi qol vura bilmirdi. Bu səbəbdən bir az uzun çəkdi. Onun oyununun uzun müddətdir alınmadığını bilirdik. Sadəcə futbolçuya dəstək lazımdır və nəticəsini də gördük. (Sportnet)