“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti olub
Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş “Portu”nun prezidenti olub.
"Olimpsport" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
“Andre Villaş-Boaş “Portu”nun yeni prezidentidir. <...> 26 876 üzv qurumun 32-ci rəhbərini seçib”, – məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, Villaş-Boaş 2028-ci ilədək kluba başçılıq edəcək.
46 yaşlı mütəxəssis 2010-2011-ci illərdə “Portu”nun baş məşqçisi olub. Onun məşqçilik karyerasındakı sonuncu komandası Fransanın “Marsel”i olub. Daha öncə o, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay Port”, və “Akademika”nın sükanı arxasında olub.
Qeyd edək ki, hazırda “Portu” 62 xalla Portuqaliya çempionatının turnir cədvəlində üçüncüdür. Komanda lider “Sportinq”dən 18 xal geri qalır.
Növbəti turda “Portu” “Sportinq”lə qarşılaşacaq. Oyun bu gün, Bakı vaxtı ilə 23:30-da başlayacaq.
Xatırladaq ki, Andre Villaş-Boaş dünyanın ən reytinqli işsiz məşqçiləri siyahısında yer almışdı.